
(Foto: Faktxeber.com)
Suriyada kütləvi qırğındır. Birmənalı olaraq. Amma Deyerler.org saytı bu barədə inadla susur.
Bəşər Əsədin rejimi ona qarşı çıxan hər kəsi — istər dinc etirazçı olsun, istər üsyançı — ət maşınından keçirir. Artıq Hələb və Dəməşqdə küçə döyüşləri gedir. Hər gün qətlə yetirilən mülki əhali haqqında xəbərləri oxuyaraq Suriyanın xəritəsini əzbər öyrənmişik.
Amma Cümə Məscidi dini icmasının rəhbəri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, vətəndaş cəmiyyətinin dostu Hacı İlqar İbrahimoğlunun rəhbərlik etdiyi Deyerler.org xəbər saytı bu barədə inadla susur. Hətta mən deyərdim, bu qədər ucadan susur.
Suriyada qırğın başlayandan bir az maraq, bir az da ümidlə tez-tez Deyerler.org saytına baxıram, Suriya haqqında materialları axtarıram, deyirəm bəlkə… amma heyhat! Gəlin Deyerler.org saytında getmiş Suriya haqqında bir neçə təsadüfi başlığa baxaq:
Suriya ordusu Hələbin Səlahəddin şəhərini silahlı müxalifətdən təmizlədi – bu, Hələbdəki qırğın haqqında.
Suriya XİN-i: “Türkiyə aerodromlarını və sərhədlərini başda Əl-Qaidə olmaqla “cihad”çılara açıb”
Ayətullah Məkarim Şirazi: “Suriya hadisələrinin pərdə arxasında İsrail rejimi var”
Davam edək?
Məsələn, indiyə qədər 40-dan çox yüksək rütbəli məmur Əsəd hökumətini tərk edərək ya xaricə qaçıb, ya da üsyançılara qoşulub. Son belə şəxs — Suriyanın Baş Naziri Riad Hicab. Bütün dünya mediası yazır ki, Suriyanın Baş Naziri rejimi tərk edib əks tərəfə keçdi. Amma baxın Deyerler.org saytı nə yazır:
Suriya baş naziri Riyad Hicab istefaya göndərilib.\bbc\
O, bu vəzifədə iki aydan bir az artıq fəaliyyət göstərib. Bu haqda Suriya Dövlət Televiziyası xəbər yayıb. Baş nazir vəzifəsinə qədər o, kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı. Baş nazir vəzifəsinə müvəqqəti olaraq onun müavini Ömər Qələvənci təyin edilib.
Hələ BBC-yə də istinad ediblər. Amma BBC nə yazır? “Syrian Prime Minister Riad Hijab has defected from President Bashar al-Assad’s government to join “the revolution”, his spokesman says.” İngilis dilini bilməyənlər üçün – Suriya Baş Nazirinin sözçüsü deyib ki, nazir Əsəd hökumətini tərk edərək inqilabçılara qoşulub.
Bir sözlə, baş açmaq olmur, Deyerler.org yoxsa Suriya Dövlət Teleqraf Agentliyi?
Çox maraqlıdır, ayrı vaxt Ərəb baharından ağız dolusu danışan, Təhrir meydanında nümayişçilərin hər xırda hərəkəti haqqında sevincək xəbər paylaşan Deyerler.org saytı nə əcəbsə Suriya barəsində susur. Görəsən niyə Suriya cəbhəsində təbəddülat yoxdur?
Bəlkə çox hörmətli Hacı İlqarın da üzv olduğu İctimai Palata Ərəb baharını pisləyir və Suriya hökumətinin tərəfini saxlayır? Yoxsa Cümə məscidi dini icması Əsəd hökumətinin tərəfdarıdır? Bəlkə… İran icazə vermir? Yəni şiə həmrəyliyi bu dəfə də Deyerler.org saytının media etikasını və azadlıq təəssübkeşliyi üstələyir? Bəşər Əsəd şiə (daha doğrusu, ələvi) olduğu üçün, onu dəstəkləmək lazımdır? Sünni Mübarəki tənqid etmək olar, amma Əsəd özümüzküdür?
Hər gün bu qədər insanın qəddarcasına qətlinə susmaq, göz yummaq bir vicdan məsələsidir, amma heç olmazsa Deyerler.org kollektivinin nahiyə düşüncəsindən yuxarı qalxan bircə bəşəri dəyəri yoxdurmu?
Mən bu sualların cavabını bilmirəm, amma sizə bir əyani nümunə verə bilərəm.
Bir Suriyalı tanışım var, Məhəmməd. Atası Suriya səviyyəsində tanınmış yazıçıdır, dissident olduğu üçün uzun illər həbsxanada yatıb. Məhəmmədin qardaşı da uzun müddət həbsdə yatıb. Qardaşı etiraz nümayişlərini çəkib İnternetə yüklədiyinə görə hökumət onu axtarırmış, evlərinə gəliblər, amma evdə də tapmayıblae. Hətta əsgərlər onun gizləndiyi ehtimal olunan açarla bağlı şkafa bir maqazin güllə boşaldıblar. Bütün bunlardan sonra Məhəmmədin qardaşı İordaniyaya qaçmalı olub.
Məhəmməd özü də iki dəfə həbsdə yatıb. Sonra bir neçə il Livanda qeyri-leqal fəaliyyət göstərməli olub – Suriyada insan hüquqlarının pozulması halları haqqında mütəmadi olaraq beynəlxalq hüquq müdafiə təşkilatlarına və mətbuata məlumat ötürürmüş. İndi Vaşinqtondadır, orada Suriyalıların səsini eşitdirməyə çalışır.
Məhəmməd danışır ki, Əsəd hökuməti İnternet fəallarını tutanda onları işgəncə ilə məcbur edir ki, Facebook hesablarını açıb versinlər. Sonra oradakı məlumatlar və sair əsasında daha çox fəal tuturlar və beləliklə qapalı dairə davam edir.
Məhəmməd və dostları buna görə də Facebook ilə danışıqlar aparıb və razılığa gəliblər ki, hər hansı suriyalı İnternet fəalı tutulan kimi Facebook-a xəbər versinlər və Facebook onun hesabını yerli-dibli silsin. Təkcə Məhəmməd özü 500 nəfərin hesabını sildirib. Təsəvvür edin, 500 nəfər!
Hər dəfə Facebook’a daxil olanda bu söhbət yadıma düşür. Hər dəfə.
Hər necə olursa-olsun ədalətli olmaq lazımdır. Hz.Muhəmməd(s) o vaxt kafirlərə qarşı belə ədalətli idi,həm peyğəmbərliyindən əvvəl,həm də sonra.