
Bu gün sosial şəbəkələrdə xəbər yayılıb ki, bulvarda armudu stəkanda çay içməyi qadağan ediblər.
Məsələn, Strasburqda xəbər çıxsa ki, metal çəngəl-bıçaqla yemək qadağan edilir, hamı gülər keçər.
Amma bir ölkədə ki, xarici serialları qadağan edirlər, Prezident isə xörəklərdə yağın səviyyəsindən şəxsən şikayətlənir, hər şey mümkündür.
Ona görə də deyirlər ki, camaat çox bərk qorxubmuş.
Yenə İçərişəhərdə qadağan etsəydilər, dərd yarı, oranın rəisi Mika Cabbarov rusdilli, liberal, Avropa görmüş adamdır, bir az göz yumardı.
Bulvarda qadağan edilməsi lap dəhşət. Orada ki, bir Nazim müəllim var, onun qorxusundan allahın bir qağayısı bulvarda səkə bilmir. Hətta Bakıda məsələ çevrilib: “Nazim müəllim icazə vermir…”
Deməli təsəvvür edin, bulvarda bir oğlan bir qızla öpüşmək istəyir. Keçənlərdə polis dərhal bunları yaxalayıb “indi qızın papasına zəng edəcəm, səni isə basacam içəri” söhbətləri ilə bir xeyli gənclərin cibini yüngülləşdirərdi.
İndi isə zəmanə ayrı zəmanədir. Elə ki, oğlan istəyir qızı öpsün, dərhal Bulvar Mühafizə İdarəsindən bir növcavan peyda olub deyir: “Nazim müəllim icazə vermir…” – məncə, bundan artığına daha ehtiyac yoxdur.
* * *
Günün sonuna xəbər yayıldı ki, məlumat yalandır, dezinformasiyadır, almanların təxribatıdır! Bulvar İdarəsindən Nazim müəllim nətər əsəbiləşibsə telefonun trubkasında jurnalistə qışqırıb:
“Kim deyib bunu?! Belə şey ola bilməz! Armudu stəkan Azərbaycanın milli sərvətidir! Kim razı deyilsə, bu da nömrəm, zəng eləsin, söhbət edək.”
Bəy, armudu stəkan qadağası qəbahət iş deyil. Burax, çayı nədə içirlər qoy içsinlər. Əsas odur ki, xalqın qanını içməsinlər.