Seymur Baycan və qəzəblənmiş qadınlar

Seymur Baycan

Öz başıma gəlib. İki dəfə Facebook profilimdə Azərbaycanda qadınlar üçün qeyri-bərabər şəraitin mövcudluğundan yazmışam, çıxış yolları aramağın vacibliyini vurğulamışam. Hər dəfəsində də elə öz cəbhəmizdən olan iki aktivist xanım az qalıb məni dar ağacına çəksin. Bərk mübahisə ediblər, bəlkə də məni neprav çıxarıblar.

Biri, xətrini çox istədiyim bir xanım tipik şən maarifçidir. Məsələn, Hacıbala Abutalıbova rəsmən sorğu göndərir ki, bir vətəndaş kimi sizdən tələb edirəm, Basindəki söküntünü durdurun! Hacıbala Abutalıbovdan cavab gəlir – baş üstə, qələt eləmişəm, bir də sökmərəm.

İkinci xanım – onu uzaqdan-uzağa tanıyıram – tipik inqilabçıdır. Mitinqdən ayağı kəsilmir. İctimai Palata harada aş, bu xanım orada baş. Bəlkə də dost-tanış, qohum-qonşu olmasa gedib Prezident Aparatının qapısını sındırar, birbaşa Əlahəzrəti salar təpiyinin altına.

Xülasə, odur-budur, Azərbaycanda qadınların üzləşdikləri haqsızlıqlar barədə daha heç nə yazmıram, yazanda da ehtiyatla. Adama deyərlər ki, sənin nə işinə qalıb? Qoy qadınlar gedib öz dərdlərini özləri çəksinlər də!

Desəm, bəlkə də təəccüblənəcəksiz, amma qadınların Azərbaycanda qeyri-bərabərliyi barədə fikirlərimlə razılaşan adamlardan birincisi və hələ ki, tək-tük adamlardan biri Cümə məscidi dini icmasının rəhbəri Hacı İlqardır.

Hacı ilə bu barədə olduqca kiçik söhbət zamanı o, çox maraqlı bir fikir deyib – təxmini sitat çəkirəm, vəbalı mənim boynuma – necə ki, adət-ənənə və din adı ilə qadınların şəraitini məhdudlaşdırıblar, eləcə də din və adət-ənənə vasitəsilə onları ictimai həyata qaytarmaq lazımdır.

Razılaşaq ki, çox optimal yoldur, amma bir sekulyar humanist insan kimi, bu barədə müəyyən şübhələrim var.

Mən istərdim ki – və yəqin bu istəyim elmsiz fantastika silsiləsindəndir – qadınlar ayağa qalxıb layiq olduqları, qadir olduqları yeri və haqqı tələb etsinlər. Ölkənin yarısının ya ancaq bozbaş bişirib, ya da ancaq Manqodan, Zaradan şoppinq eləməsi çox irrasional resurs sərfidir.

Yox, qətiyyən “babiy bunt” filan istəmirəm! Deyirəm ki, qadınlar durub sual etsinlər:

– niyə bu ölkədə bütün icra başçıları kişi xeylağıdır, bir nəfər də olsun qadın nazir yoxdur;

– niyə Bakı Dövlət kimi – allah eləməsin – elm ocağının doxsan illik tarixində bir nəfər qadın rektor olmayıb;

– niyə “hicaba azadlıq” qışqıranlar da, hicab üstündə həbsxanaya düşənlər də kişilərdir;

– niyə Bakının mərkəzini çıxmaq şərti ilə az qala bütün respublikada iaşə obyektlərinə və İnternet klublara qadınlar gedə bilmir;

– niyə bir mötəbər beynəlxalq təşkilatın maliyyəsi ilə başqa bir mötəbər beynəlxalq təşkilatın icra etdiyi və qadınların siyasi iştirakını gücləndirməyə yönəlmiş layihənin rəhbəri kişidir.

Özü də bilirsiz necə tələb etsinlər? Martın 8-sinə hələ bir həftə qalmış kişilərə baxdıqları kimi – sanki Şahzadə Diananı sən öldürmüsən, İnterpoldan gizlənirsən. Ya da metroya, avtobusa girən kimi kişilərin başlarının üstünü kəsdikləri formada.

Amma çe faidə darəd?

Bizim qadınlara metroda yer, 8 marta hədiyyə, bahalı gəlinlik paltarı deyəsən daha çox lazımdır, nəinki tutalım, alın təri ilə gəlib icra başçısı, nazir, ya da lap elə Prezident olmaq istəyi.

Bir ölkənin ki, ən böyük və yeganə feministi 75 yaşlı Professor Rəhman Bədəlov ola, daha bizə qorxusu yoxdur.

O ki qaldı Seymur Baycana – niyə sərlövhədə onun adını çəkmişəm – deyim, bilin.

Seymur qadınlar haqqında yazmağı xoşlayır – Tükəzban-1, Tükəzban-2 və bu yaxında dünyanı dəyişmək istəyən “civilərə” də toxunub. Hər dəfə də sanki gözəgörünməz əl dünyanın bütün qəzəblənmiş qadınlarını yığıb tökür həmin sayta, Seymura ağızlarına gələni yazırlar.

Hərçənd bir balaca təcrübəli gözlə yazıya baxsan, Sabirin vaxtı ilə “mən də müsəlmanam, a şirvanlılar!” harayını niyə çəkdiyini başa düşərsən.

Qadınlar isə, Seymuru başa düşmür və sanki Seymur onlara küçənin ortasında sataşıb telefonunu ucadan qışqırıbmış ki, ağızlarına gələni ona deyirlər.

Hüquqları uğrunda mübarizə aparmırlar, cəhənnəmə, heç olmasa Seymura göstərdikləri reaksiyanı onlara küçədə sataşıb, telefonlarını ucadan qışqıran “nervinni oğlanlara” göstərələr, sabah da onlar öz yerini bilə.

Taftalogiyaya görə üzr istəyirəm, amma çe faidə darəd?

Advertisements

15 Şərh

Kateqoriysı Azərbaycan

Seymur Baycan və qəzəblənmiş qadınlar” üçün 15 cavab

  1. Hicran

    Ela yazidir. Ne qeder de haqlisiniz…. Amma kishilerin oz elementar haqlarini qoruya bilmediyi bir olkede ve cemiyyetde qadinlardan ne gozleyek?..

  2. Təşəkkür, yazı üçün. Sabirin şeirlərində satira, bir çox hallarda öldürücü satira vardı. Amma Seymurun yazılarında təhqir var,hərrə tati, vur tatı var. Bu isə, hər halda xanımları qəzəbləndirən elə budur. :-)

  3. Zamanında da deyirdilər – Sabirin şeirlərində təhqir var, hərrə tatı, vur tatı :) Öldürücü satira nədir, təhqir nədir? Necə fərqləndirmək olur onları ki?

  4. SIzin yazilarinizi beyenmirem) Yegin siz ozunuzu istedadli yazar sayirsiniz)

  5. Yox, mən yazar deyiləm, ədəbiyyatla da işim yoxdur. Sadəcə bloggerəm. Bəyənməyə bilərsiz, təbii.

  6. Men Seymur BAycanin yazilarini beyenmirem! “Anadır, müqəddəs varlıqdır, deyə-deyə qadını başımıza çıxartdınız. Qadın yastıqdır, yastıq, döyüldükcə yüngülləşir. Cəhənnəm qadınların ayaqları altındadır. Dayanacaqda dayanan qadının tez-tez saata və güzgüyə baxması xəyanətin ilk əlamətidir. Əvvəlcə qanunlar qadınları pozur, sonra qadınlar qanunları. Kişilər yatağa canını qoyur, qadınlar bədənini. Daha bezmişəm, özümə qoyun ətindən bir qadın düzəldib onunla evlənəcəm”.
    SEYMUR BAYCAN

  7. Ləman xanım, bunlar hamısı müasir ədəbiyyatla səthi tanışlıqdan, zəif mütaliədən irəli gəlir. Siz styob (стёб) janrı haqqında eşitməmisiniz?

  8. Bəli, Seymurun qadınlar haqqında yazdığı bütün yazılar styobdur.

  9. Əli, hər halda mənim kəskin tənqidlə təhqiri sizin üçün izah etməyimə ehtiyacınız yoxdur, sizi tanıdığım qədər.

  10. Ramil

    Qesheng yazidir. Amma Seymur senin suallarinin cavabini verib: “Bir az ozunu gozel sayan qiz ele bilir muxalifetchilik cirkin qizlarin ishidir”

  11. hər şey gözəldi amma kiçik bir detal var, feminist kişi olmur, feminizm ilə maraqlanan və ya dəstəkləyən kişilərə profeminist deyirlər :)

  12. Aysel

    Niyə mənə atam deməlidir ki, “əgər sən evə axşam saat 9-dan sonra gəlsən, qonşunun kişiləri nə fikirləşər?” Söhbət bütün günü məhlədə oturub bekarçılıqdan domino oynayan və dərsə, işə-gücə gedib gələn qonşunun qadınları, qızları haqqında müxtəlif versiyalar irəli sürən kişilərdən gedir. Niyə mənə qonşudakı qız rəfiqəm, öz məhləmdə gəzib hava almaq istədiyimdə deməlidir ki, “gəl 10 addım ataq sonra qayıdaq, o tərəfə getməyək. Orda kişilər və yaxud oğlanlar oturub” !!!

  13. BNermin

    Təşəkkürlər Əli Novruz! Yazılarınız ən azından bu vəziyyətlə barışmayan qadınlar üçün dəstəkdir. Mən bir cavan qız olaraq cəmiyyətdə öz sözümü ancaq yaşamımla, davranış, seçimlərimlə deməyə çalışıram (hələki əlimdən gələn budur).”Qızsan müəllimlik oxuyardın, sabah ərin bəlkə bir şirkətdə işləməyə qoymadı?”, “Qızsan, bu cür iş sənlik deyil, orda ancaq kişilər işləyir”, “Oğlan dost? A bala nə dost?”, “Çıx ərə get! Qəşəng otur, ərinin çörəyini ye” və s. hər mövzuda bu cür rəylər… Bu vəziyyətlə razılaşan, hətta sevən qadınlar… Bu cür cəmiyyətdə yaşamağın çətinliyi… Və ən əsası mübarizə aparmağın tələb etdiyi güc…
    Allah kömək olsun!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma