İtirilmiş əlyazma yoxsa itirilmiş vaxt?

"İtirilmiş əlyazma" (Qanun, 2012)

Müəllifin sayca dördüncü kitabı və oxucularla görüşə “tarixi roman” kimi iddiayla gələn əsər. Vaxtilə Şirvana rəhbərlik etmiş Dərbəndilər sülaləsi və onların güya indiki Oğuz rayonda yaşayan varisləri haqqında kitab. Bəzən uydurma əhvalatlarla tarixi qarışdıranlara “əsl tarix”, mistika və elm həvəskarlarına isə “öz axtardıqlarını” tapma vədi.

Əslində isə həqiqət daha bəsitdir. Cəlil Cavanşirin “İtirilmiş əlyazma” (Qanun, 2012) kitabını oxuyanlar maksimum orta məktəb şagirdinin ədəbiyyat inşası üslubunda bir yazı görəcəklər.

Gəlin “tarixi roman” iddiasından başlayaq. Çox dərinə getmədən Azərbaycan oxucusuna tanış adları çəksək – dünya ədəbiyyatında Boleslav Prus, Aleksandr Düma, Azərbaycanda isə Fərman Kərimzadə, Yusif Vəzir kimi yazıçılar uğurlu tarixi roman nümunələri yaradıblar.

Xüsusən də Fərman Kərimzadənin iki əsərindəki hadisələrlə (“Xüdafərin körpüsü” və “Çaldıran döyüşü”) Cəlil Cavanşirin əhatə etmək istədiyi hadisələr arasında qismən üst-üstə düşmələr var.

Bir sözlə, allaha çox şükür ki, Azərbaycan oxucusu tarixi romanla ilk dəfə qarşılaşmır və janr haqqında kifayət qədər təsəvvürü var. Üstəlik, onun oxuduğu kitablarda Şirvan və onun şahlarının obrazlarına da rast gəlinir.

Tarixi roman haqqında Azərbaycan oxucusunun təsəvvürlərinin yanında Cəlil Cavanşirin romanı isə maksimum anti-tarixi, tarixətrafı cızma-qaradan başqa bir şey deyil.

Sərt səslənə bilər, amma iddia edirəm ki, Cəlil Cavanşir bu romanı yazarkən Şirvanşahlar dövləti haqqında bir dənə də olsun fundamental kitab oxumayıb. Tarixi roman yazanlar ilk növbədə öz yazacaqları dövrü ən azından araşdırmalı, yazdıqları dövrə bələd olmalıdır. Bunu Cəlil Cavanşirdə qəti görmürük.

Düzdür, tarixi romanda yazıçı təxəyyülünə geniş yer verilir – hər kəs Corcet Heyer deyil ki, romanlarının birində Vellinqton obrazının dilindən verdiyi bütün ifadələri tarixdən götürsün. Amma orta məktəb və universitet dərsliklərində yazılan faktlarla da Cəlil Cavanşir kimi çox azad şəkildə davranmaq olmaz.

Cəlil Cavanşir nə edir? İndiki Oğuzun Xaçmaz mahalında İbrahimin ikinci ailəsini və oğlunu yaradır. Güya Şirvanşah İbrahim Dərbəndi hələ şah olmamışdan Xaçmazda (!) əsl türk, turançı (!) ailənin qızını alır. Adlar hamısı da təmiz türk adlarıdır – Qutluq, Alpər, Hüsnüay, Ərən. Bu Turançı ailə Şirvanşahları farslaşmaqdan qurtarmağı qarşılarına məqsəd qoyur və nail olur (!). Bu ailənin şirvanşahla izdivacından törəyən nəsil Azərbaycanı vahid dövlətdə birləşdirmək (!) arzusu ilə gecə-gündüz od tutub yanır. Ərdəbilli Şeyx Cüneydə tənə edir, Seyid Yəhya Bakuviyə təlim-tərbiyə verir, Nadir şahın başına ağıl qoyur, Hacı Çələbi və Pənahəli xanı çağırıb uşaq kimi danlayır, Qarabağlı Əhməd bəy, Salyanlı Əli bəy, Bakılı Məmmədəmin bəyi başlarına yığıb ölkəni çar əsarətindən qurtarır. Və az qala bu günə qədər İbrahimin nəslinin bayrağı Xaçmaz üzərində dalğalanır.

Kitabın arxa qapağında isə həm də öyrənirik ki, müəllif özü Oğuzun Xaçmaz kəndindəndir. Kitab Bakıda və Oğuzda qələmə alınıb. Kitab babasının danışdığı əhvalatları iqtibas gətirən birinci şəxsin dilindən yazılıb. Deməli, belə məlum olur ki, bütün bu revizionist və anaxronik iddiaların arxasındakı məqsəd Azərbaycanın az qala bütün tarixi şəxsiyyətlərini yazıçının əcdadlarının ayağına gətirib başlarına ağıl qoymaqdan ibarətdir.

Bu səhnələrin nə qədər bayağı alındığını görmək üçün Musanın Hacı Çələbi və Pənahəli xanla söhbətini oxumaq bəs edər (səh. 70-74).

Bilmirəm, bəlkə də yazıçı Cəlil Cavanşir həqiqətən də Şirvanşah İbrahimin nəslindən gəlir. Bir oxucu kimi, mən bu iddiaya qəti inandıra bilmədi. Amma heç olmasa öz əcdadına hörmətdən irəli gələrək Şirvanşahların tarixinə dair real səhnələri daha dolğun, məntiqi və həqiqətə uyğun yazardı.

Bu təsvirlərin nə qədər “tarixi romana” uyğun olduğunu görmək üçün isə təkcə Şirvanşah İbrahimin Teymurun hüzuruna gəlişi səhnəsini oxumaq kifayətdir (səh. 99-104).

* * *

Oğuzun Xaçmaz kəndi Azərbaycan ədəbiyyatında artıq bir dəfə parlayıb. Molla İbrahimxəlil Kimyagər bir vaxt burada məskən salıb camaata kələk gələrdi. Nəğd pullarını alıb saysız qızıl vəd edərdi.

Bu dəfəki “Molla İbrahimxəlil” isə bir növ oxuculara “ədəbi kələk” gəlir. Öz əcdadları haqqında uydurduğu fantasmaqorik yalanları “tarixi roman” adı altında bizlərə sırıyır.

Oxuculara isə bir tövsiyyəm var, zövqünüzə, pulunuza və vaxtınıza heyifiniz gəlsin.

İtirilmiş əlyazma yoxsa itirilmiş vaxt?” üçün 2 şərh

  1. Ali bu kitabı mən də görmüşdüm, amma doğrusu bir elə cəlb eləmədi məni…Tarixi romanları ümumiyyətlə sevmirəm, oxuyanda yadımda qalmır…əgər sən dediyin kimi yazıçının şəxsi fərziyyələri əsasında yazılıbsa ümumiyyətlə oxumağa dəyməz…Çox sağ ol posta görə :)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma