Dostumuz İlqar bizim beynəlxalq hava limanına aid 15 gülməli-ağlamalı fakt haqqında artıq yazıb – onu sonra oxuyarsınız, gəlin mən sizə başqa bir əjdaha söhbət danışım.
Deməli, Gəncəyə uçurdum, oturmuşdum Heydər Əliyevin adına layiq Beynəlxalq Hava Limanının daxili uçuşlar bölməsində. Naxçıvan reysinə qeydiyyat gedirdi – ondan yazmıram, bu tamam başqa bir monoqrafiyanın mövzusudur. Naxçıvanlı bir dostumuz demiş, bir gün gələcək, Azərbaycanda hər şey dəyişicək, bir Bakı-Naxçıvan reysindən başqa.
Nə isə, Naxçıvan reysinə qeydiyyat başa çatdı, nəzəriyyədə Gəncə reysinə sərnişinlərin minməli olduğu vaxt Gəncəyə qeydiyyat başladı, aeroport işçiləri qışqıra-qışqıra zala anons verdilər ki, Gəncəyə kim uçur, gəlsin. Biz də yaxınlaşdıq qeydiyyatdan keçməyə. Elə növbə mənə təzə çatmışdı ki, bir gözəl xanım növbə-filan gözləmədən, hölvnak qeydiyyat məntəqəsinə yaxınlaşıb nəfəsini almamış soruşdu:
– Naxçıvan reysidi? Qeydiyyat qurtarıb? Vay… Qurban olum, məni keçirin də samolyota, gecikmişəm e…
Və bu zaman aeroportda baş verənləri sadəcə görmək lazım idi – Gəncəyə qeydiyyat dərhal dayandırıldı, artıq bağlanmış Naxçıvan reysi yenidən açıldı, xanım tez-tələsik qeydiyyatdan keçirildi, bir nəfər aeroport işçisi xanıma qoşduruldu, təyyarə uçuş zolağında gözlətdirildi, aeroport işçisi bu xanımı təyyarəyə apardı və bundan sonra təyyarə Naxçıvana istiqamət götürdü.
Xanımın təyyarəyə aparılmazdan öncə dediyi sözlər isə bütün bu prosesə məntiqi yekun vurdu:
– Ayrı vaxt iki saat oturub samolyotu gözləyirik, indi iki dəqiqə gecikmişik də, nə olar ki?
Bir sözlə, o boyda aeroport naməlum bir sərnişinin “qurban olum” sözü ilə xariqələr yaradır. İndi siz deyin, həqiqətən də analoqu olmayan ölkəyik ya yox?
Vallah, bu ölkədə adamın başına elə işlər gəlir ki, kimə desən inanmaz :))
Nəsə inandırıcı deyil:))) necə bir nəfərə görə,”tapışsız” filan o boyda aeroportun işini ləngitmək olar? Onda belə çıxır ki,o, “o boyda” aeroport deyilmiş:))