Röyters agentliyinin verdiyi xəbərə görə Londonda yaşayan konsultant İşita Suxadvala yaşlı hindistanlılar üçün yeni social şəbəkə saytı yaradıb – Verdurez.com saytının məqsədi tənha qocaların həyatını maraqlı etməkdir.
Ənənəvi olaraq Hindistan cəmiyyətində yaşlı insanlar öz övladlarının ailəsində qalır və onların qayğısı altında yaşayırdılar. Lakin son vaxtlar sosial münasibətlərdə dəyişikliklər ona gətirib çıxarıb ki, şəhər əhalisinin savadlı təbəqəsində tənha qocaların sayı artmağa başlayıb. Verdurez.com məhz bu insanları hədəfə alıb, çünki onların bir çoxu İnternetlə çox yaxından tanışdır.
Verdurez.com şəbəkəsinə qoşulmaq üçün istifadəçinin yaşı 55 yaşdan yuxarı olmalıdır. Hal-hazırda saytın 4,000 istifadəçisi var ki, onlar bloq yazır, çatlaşır və yeni tanışlıqlar yaradırlar. Röytersə görə ən yaşlı Verdurez.com üzvləri 70 yaşlarındadırlar.